Seagate şirkəti Xbox Series X və Series S oyun konsolları üçün nəzərdə tutulan Storage Expansion Card (yaddaş genişləndirmə kartı) adlı xüsusi SSD-nin 4 TB-lıq versiyasını təqdim edib. Belə yaddaş qurğularının ilk versiyası 2021-ci ilin sonunda buraxılmışdı – o zaman 512 GB və 2 TB-lıq modellər satışa çıxarılmışdı.
Yeni 4 TB-lıq Storage Expansion Card artıq Seagate-in rəsmi onlayn mağazasında və bəzi pərakəndə satış nöqtələrində satışdadır. Rəsmi qiyməti 499,99 dollar olsa da, hal-hazırda 429,99 dollara endirimlə təklif olunur. Müqayisə üçün qeyd edək ki, Xbox Series S oyun konsolunun qiyməti 379,99 dollardan, Xbox Series X modelinin qiyməti isə 599,99 dollardan başlayır.
Bu cür yaddaş kartı geniş oyun kolleksiyasına malik istifadəçilər üçün olduqca faydalı ola bilər. Call of Duty: Black Ops 6, Microsoft Flight Simulator kimi müasir oyunlar sərt diskdə yüzlərlə GB yer tuta bilir. Xbox konsollarına USB üzərindən xarici yaddaş qurğuları qoşmaq mümkün olsa da, oyunları birbaşa onlardan işə salmaq olmur – bunun üçün xüsusi SSD tələb olunur.

Əvvəllər satışa çıxarılan 2 TB-lıq genişləndirmə kartı ilk buraxılışda 399,99 dollar idi, lakin hal-hazırda 249,99 dollara təklif olunur. Seagate-in hazırkı promosyon kampaniyası çərçivəsində isə bu versiyanı 219,99 dollara almaq mümkündür.
Təxminən üç il ərzində Seagate bu cür SSD-lərin eksklüziv istehsalçısı idi. Lakin 2023-cü ilin ortalarında Western Digital da öz alternativlərini təqdim etdi. Hazırda Western Digital-in qiymətləri və modelləri Seagate-inkilərlə rəqabət aparır, lakin 4 TB-lıq versiya hələlik yalnız Seagate-də mövcuddur.
Rəqabətin artmasına baxmayaraq, bu tip SSD-lər hələ də PlayStation 5 üçün nəzərdə tutulan yaddaş genişləndirmə həllərindən xeyli baha qiymətə başa gəlir. PS5 standart NVMe SSD-ləri dəstəklədiyi üçün seçim daha genişdir. Məsələn, Western Digital şirkətinin PS5-ə uyğun 4 TB-lıq SSD-si 339,99 dollar, 8 TB-lıq modeli isə 699,99 dollar dəyərindədir.